Qarabağda biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 900-dən çox müraciət daxil olub

2021.12.24 17:29 (UTC+04:00)

İndiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 900-dən çox müraciət daxil olub.

Bu barədə dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktik konfransda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O qeyd edib ki, bu ərazilərdə kənd təsərrüfatı, turizm, sənaye, xidmət və digər sahələrdə KOB subyektlərinin biznes layihələrinin reallaşdırılması imkanları genişdir. İqtisadi reinteqrasiya prosesində KOB subyektlərinin rolunun artması isə məşğulluğun təmin edilməsinə öz müsbət təsirini göstərəcək. KOBİA işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan müraciətlərin qəbulunu, onlara lazımi informasiya, əlaqələndirmə və məsləhət xidmətlərinin göstərilməsini davam etdirir.