"Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar” mövzusunda təlim keçirilib

2021.12.24 17:11 (UTC+04:00)

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Biznesə başlama, vergi və hesabatlılıq işçi qrupunun Fəaliyyət Planı”na əsasən, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı ilə bağlı yerli vergi orqanlarının qeydiyyat, uçot və xidmət sahəsində fəaliyyət göstərən əməkdaşları üçün rübdə bir dəfə onlayn təlimin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən vergi orqanlarının əməkdaşları üçün "Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar” mövzusunda təlim keçirilib. Təlimdə DVX-nın Dövlət qeydiyyatı baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təhlili şöbəsinin rəisi Leyla Hüseyn-zadə "Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar və elektron qeydiyyatın həyata keçirilməsi" mövzusunda təqdimatla çıxış edib, iştirakçılara aparılmış islahatlar və elektron sistemin yeni imkanları barədə ətraflı məlumat verib.

Təlim zamanı hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi izah olunub və maarifləndirici məlumatlar təqdim edilib. Təlimdə yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatına dair video çarx nümayiş olunub, biznesin qeydiyyatına və elektron qeydiyyat prosedurlarına dair iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda təlim iştirakçılarının qiymətləndirilməsi həyata keçirilib.