Dövlət Məşğulluq Xidməti 2019-cu ilin birinci rübü ərzində 33 min 969 nəfəri işlə təmin edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çoxdur. İşlə təmin edilənlərdən 29 min 404 nəfərini "İşsizin DOSTu" Proqramı çərçivəsində ödənişli ictimai işlərlə təmin olunanlar təşkil edib. Həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bununla da onlar sosial sığorta sistemində iştirak və gələcəkdə sosial təminat hüquqlarına malik olmaq imkanı əldə ediblər. Xidmət tərəfindən işlə təmin edilənlərin 8.826 nəfəri gənclər, 281 nəfəri əlilliyi olan şəxslər, 1876 nəfəri isə məcburi köçkünlər olub.