Məcburi köçkünlər üçün salınmış daha bir yaşayış kompleksi istifadəyə verildi

2019.04.05 15:07 (UTC+04:00)

Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi aprelin 5-də istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

Yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, buradakı mənzillərdən 72-si birotaqlı, 360-ı ikiotaqlı, 306-sı üçotaqlı, 72-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 91 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda paytaxtdakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.

Sonra Prezident İlham Əliyev yeni salınmış yaşayış kompleksində inşa edilmiş uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. 280 yerlik bağça uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Bağçanın yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb.

Daha sonra Şuşa rayon 7 nömrəli tam orta məktəbdəki şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, bu təhsil ocağı 560 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. İdman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var.

Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşüb söhbət edib. Sonda xatirə şəkli çəkdirilib.