Çoxmənzilli binalarda su sayğaclarının quraşdırılması ilə əlaqədar araşdırmalara başlanılıb

2021.12.23 10:59 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda suölçən cihazların quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırmasına başlayıb. Məqsəd qanunvericiliyin tələblərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən halların qarşısının alınmasıdır.

Araşdırmalar su təchizatı və kanalizasiya müəssisəsinin vəsaiti hesabına quraşdırılmalı olan suölçən cihazların hüquqi əsas olmadan mənzil-tikinti kooperativlərinə satılması, sonradan isə dəyərinin həmin binaların sakinlərindən tələb edilməsi ilə “Sudan istifadə Qaydaları”nın və istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilən “Sudan istifadə Qaydaları”nın 6.5-ci bəndinə müvafiq olaraq, mənzil-tikinti kooperativləri tərəfindən tikilən binalarda mənzil sahibi fiziki şəxs olan istehlakçılar üçün su sayğacları təchizatçı müəssisənin vəsaiti hesabına təmin edilməlidir.