Azərbaycanın xarici ticarət dövriyyəsi 26,6 milyard dollar olub

2021.12.22 17:02 (UTC+04:00)

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 26 milyard 654,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17 milyard 320,7 milyon dollar, idxalın dəyəri 9 milyard 333,8 milyon dollar təşkil edib, nəticədə 7 milyard 986,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,4 faiz artıb, real ifadədə isə 1,8 faiz, o cümlədən idxal 12,3 faiz azalıb, ixrac isə 6,6 faiz artıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 88 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Ukrayna, Xorvatiya, İsrail, İspaniya, Gürcüstan, Hindistan, Birləşmiş Krallıq, Portuqaliya, Tunis, ABŞ, İran, Belarus, İsveçrə, Kanada, Yunanıstan, Yaponiya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiyanın, 15,9 faizi Türkiyənin, 14 faizi Çinin, 5,7 faizi Almaniyanın, hər biri 3,9 faiz olmaqla ABŞ və Ukraynanın, 3,8 faizi İtaliyanın, 3,3 faizi İranın, 2,5 faizi Birləşmiş Krallığın, 2,3 faizi Yaponiyanın, 1,9 faizi Koreyanın, 1,6 faizi Fransanın, 1,5 faizi Braziliyanın, 1,2 faizi Hindistanın, 1,1 faizi Belarusun, 1 faizi Vyetnamın, hər biri 0,9 faiz olmaqla Polşa və Gürcüstanın, hər biri 0,8 faiz olmaqla Rumıniya, Niderland və İsveçrənin, 14,5 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

İdxal olunan malların 67,1 faizini avtomobil, 17,3 faizini dəmir yolu, 10,7 faizini hava, 4,7 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,2 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib. İxracın 39,6 faizini İtaliyaya, 11,9 faizini Türkiyəyə, 4,5 faizini Xorvatiyaya, 4,1 faizini Rusiyaya, 3,7 faizini İsrailə, 3,3 faizini İspaniyaya, hər biri 3,2 faiz olmaqla Gürcüstan və Portuqaliyaya, 3 faizini Hindistana, 2,6 faizini Tunisə, hər biri 2,5 faiz olmaqla Almaniya və Ukraynaya, 2 faizini Birləşmiş Krallığa, hər biri 1,4 faiz olmaqla Belarus və İsveçrəyə, hər biri 1,3 faiz olmaqla Kanada və Yunanıstana, 0,9 faizini Çexiyaya, hər biri 0,8 faiz olmaqla Çin və Tailanda, 0,7 faizini Rumıniyaya, 5,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. 2021-ci ilin yanvar-oktyabr aylarında ixracın 84,7 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 7,9 faizini avtomobil, 5,2 faizini dəmir yolu, 1,4 faizini hava, 0,8 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, kimya sənayesi məhsulları, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, bitki yağları, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.