Almaniya əmlak vergisinə aid şərtləri təkmilləşdirəcək

2018.12.05 12:20 (UTC+04:00)

Almaniya Maliyyə Nazirliyinin mövcud əmlak vergisi qanunu ilə bağlı dəyişikliklər etməyə hazırlaşdığı barədə xəbərlər yayılmışdır. Yeni təkmilləşdirməyə görə, əmlak vergisi əmlakı icarəyə götürən tərəfin üzərinə yüklənəcək. Maliyyə naziri Olaf Şoltz əhalidə yarana biləcək təşvişin aradan qaldırılması məqsədilə açıqlama verərək, nəzərdə tutulmuş dəyişikliklərdə vergi artımına yol verilməyəcəyini bildirmişdir. Onun sözlərinə görə, bələdiyyələrin hər il topladıqları 14 milyard avro əmlak vergisi üçün zəmanət verməsi zəruridir. Mütəxəssislər isə yeni qanunun şəhərlərdə kirayə haqlarının artmasına və yaşayışın bahalaşmasına yol açacağını bildirirlər. Almaniyada əmlak vergisi ilə bağlı 1935-ci ildən qüvvədə olan qanuna əsasən, əmlakın hər kvadratmetri üçün 19 sent vergi tutulur. Bu şərtə əsasən, 100 kvadratmetrlik bir ev üçün cəmi 19 avro vergi ödəmək lazım gəlir. Bələdiyyələrin hazırda ən böyük yığım mənbəyi topraq vergisidir. Onlar hər il 400 milyon avro məbləğində əkin sahələri və meşə vergisi, 13,5 milyard avro məbləğində torpaq və daşınmaz əmlak vergisi toplayırlar.