Hesablama Palatasının nümayəndə heyəti beynəlxalq toplantıda iştirak edib

2021.12.21 12:42 (UTC+04:00)

Hesablama Palatasının nümayəndə heyəti MDB iştirakçısı olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Dövlət Maliyyə Nəzarəti üçün standartların hazırlanması üzrə İşçi Qrupunun onlayn XVII toplantısı keçirilib.

Palatadan bildirilib ki, toplantıda Hesablama Palatasının auditoru Cavid Bayramov, Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin sektor müdiri Fərqanə Əliyeva və Dövlət gəlirləri və iqtisadi sahələrin auditi şöbəsinin baş məsləhətçisi Həsən Nəcəfzadə iştirak ediblər.

Toplantını giriş sözü ilə Qazaxıstan Respublikası Hesablama Komitəsinin auditoru Enqel Yuliya Fyodorovna açaraq İşçi Qrupun fəaliyyətinin və gələcək tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıb.

Hesablama Palatasının auditoru Cavid Bayramov üzv ölkələrin fəaliyyətlərini planlaşdırarkən risk əsaslı yanaşmanın tətbiqi təcrübəsinin öyrənilməsi ilə əlaqədar görülmüş ümumi işlər barədə ilkin olaraq iştirakçıları məlumatlandırıb. Daha sonra Dövlət gəlirləri və iqtisadi sahələrin auditi şöbəsinin baş məsləhətçisi Həsən Nəcəfzadə bu istiqamətdə üzv ali audit qurumlarından (AAQ) əldə edilmiş müvafiq məlumatlara əsaslanaraq geniş təqdimatla çıxış edib, o cümlədən təkmilləşmə istiqamətləri ilə bağlı mümkün həll yolları barədə birgə əməkdaşlığın önəmini vurğulayıb.

Toplantıda iştirak edən Rusiya Hesablama Palatasının nümayəndəsi səmərəlilik və strateji auditlərin planlaşdırılması üzrə risk əsaslı yanaşma təcrübəsi barədə təqdimatla çıxış edib. Sonra Belarus Respublikası Dövlət Nəzarət Komitəsinin nümayəndəsinin üzv AAQ-lar tərəfindən konsolidə edilmiş maliyyə hesabatlarının auditi ilə bağlı məruzə dinlənilib.

Tədbir İşçi Qrupun İş Planında nəzərdə tutulmuş gələcək məsələlərin, o cümlədən 2021-ci ilin sonuna kimi görülmüş işlərin müzakirəsi ilə yekunlaşıb.