Vüqar Bayramov: İstehlakda yerli istehsalın payı artırılmalıdır

2021.12.21 12:20 (UTC+04:00)

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 10 ayında inflyasiya 6,2 faiz olub. Millət vəkili Vüqar Bayramov bildirib ki, bu 2017-ci ildən sonra ən yüksək illik rəsmi inflyasiya göstəricisidir: “Rəsmi statistikaya əsasən, bu il ərzində bütün aylar üzrə əvvəlki aya nisbətən illik infilyasiya səviyyəsi daha yüksək olub. Belə ki, bu ilə rəsmi 2,7 faizlik illik infilyasiya ilə başlanılsa da bu rəqəm 10 ayda 3 faiz bəndi daha artıb”.

V.Bayramov Statistika Komitəsinin hesabatlarına əsaslanaraq qeyd edib ki, ərzaq məhsullarının qiyməti daha çox yüksəlib. Belə ki, inflyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz olub. Noyabr ayında qiymət səviyyəsi əvvəlki ilin uyğun ayı ilə müqayisədə 11,1 faiz çox olub:

“Rəsmi inflyasiya rəqəmi göstərir ki, istehlak bazarında qiymətlərin optimallaşdırılması üçün daxili təklifin artırılması və fermerlərin paytaxt bazarlarına çıxışının təşviq edilməsinə ehtiyac var. Qarşıdan bayram günlərin gəldiyini nəzərə alsaq paytaxtda mütəmadi fermer yarmarkaların təşkili məqsədəuyğun olardı. Bu zaman xərclərin bir hissəsinin, o cümlədən, nəqliyyat xərclərinin yerli icra hakimiyyəti orqanları və müvafiq mərkəzi icra hakimiyyəti qurumu tərəfindən qarşılanmasına ehtiyac var”.

İlkin proqnozlara görə, gələn ilin birinci yarısında da dünya bazarında qiymət artımları davam edəcəyini deyən millət vəkili bu baxımdan, ümumi istehlakda yerli istehsalının payının artırılması prioritetinin daha da aktuallaşdığını vurğulayıb. İdxal inflyasiyanın minimumlaşdırılması üçün yerli istehsalın genişləndirilməsinin olduqca vacibliyini bildirib.