Türkiyədə gələn il üçün minimum əməkhaqqı məbləği 54 faiz artırılıb

2021.12.22 18:45 (UTC+04:00)

2022-ci il üçün Türkiyədə minimum əməkhaqqının məbləğinin 4253 lirə (460 manat) olacağı müəyyənləşdirilib. İşçi, işəgötürən və hökumət təmsilçilərindən təşkil olunmuş Minimum Əməkhaqqı Komissiyasının son yığıncağından sonra keçirilmiş mətbuat konfransında Prezident Rəcəb Tayyib Ərdoğan ölkədə minimum əməkhaqqı məbləğinin 2021-ci illə müqayisədə 50 faizdən çox artırıldığını vurğulayaraq qeyd edib ki, bununla minimum əməkhaqqı alanlar hər ay əlavə 1425 lirə vəsait əldə edəcəklər.

İşçinin evli olmasına və ailədə uşaqların sayına görə bu rəqəmin daha da yüksəldiləcəyinə diqqət yönəldən prezident Ərdoğan minimum əməkhaqqından tutulan gəlir vergisinin və damğa vergisinin (gerb yığımı) də yeni ildən ləğv ediləcəyini bildirib.

Qeyd edək ki, minimum əməkhaqqı həddinin yüksək maaş alanlara da müsbət təsiri olacaq: onların maaşının minimum əməkhaqqı səviyyəsində olan hissəsindən gəlir və damğa vergilərinin tutulub-tutulmayacağı da iqtisadi həyatın gündəmində olan məsələlərdəndir.