Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən, vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcıya pərakəndə qaydada mal (iş, xidmət) təqdim edildikdə, ona qəbz və ya çek verilir.
Mövzu ilə bağlı fikirlərini “vergiler.az”la bölüşən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, vətəndaş vergi ödəyicisi olmadığı üçün, elektron qutusu da yoxdur. O səbəbdən də elektron qaimə-fakturanın göndərilməsi mümkün deyil. Artıq kağız formasında verilən qaimə-faktura ləğv olunduğundan vətəndaşlara göstərilən xidmət və malların satışı necə rəsmiləşdirilməlidir?
Misal: Dərzi xidməti göstərən müəssisə vergi ödəyicisi ilə yanaşı, vətəndaşa da xidmət göstərir. Vətəndaş dərziyə göstərdiyi xidmətin müqabilində 200 manatlıq ödəniş edir. Vergi ödəyicisi dərzi də ödənişin təyinatını qeyd etməklə, vətəndaşa mədaxil qəbzi təqdim edir.
Başqa hal da mümkündür ki, pərakəndə ticarət zamanı vətəndaş mağazadan paltar alır. Təbii ki, vergi ödəyicisinin əlində paltar almasını təsdiq edən əsas olmalıdır. Vətəndaşa ödəniş zamanı nəzarət-kassa aparatının çeki təqdim edilir. Təəssüf ki, hazırda bəzi sahibkarlıq subyektlərinin təqdim etdiyi çekdə bütün lazımi məlumatlar olmur. Real vaxt rejimində çalışan nəzarət-kassa aparatları çeklərində isə alıcıya lazım olacaq bütün məlumatlar öz əksini tapır. Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatların olması mütləqdir:
- vergi ödəyicisinin adı;
- VÖEN-i;
- Çekin vurulmasının tarixi və saatı;
- təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
- Malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
- Gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
- Nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
- Nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
- Malın sürətli məlumat kodu (Quick Response Code);
- Ödənilmiş məbləğ;
- Müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);
- Nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
- Ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);
- Çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
- Nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
- Geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.