“Özəl sektorun inkişafı“ layihəsi çərçivəsində sahibkarlar üçün təlimlər keçirilir

2021.12.20 18:05 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB inkişaf mərkəzlərinin (KOBİM) təşkilatçılığı və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) “Özəl sektorun inkişafı“ layihəsinin dəstəyi ilə ölkə regionlarında fəaliyyət göstərən fermerlər üçün təlimlər keçirilir.

Göyçay rayonunda “Nar istehsalçıları üçün satış imkanları” mövzusunda təşkil olunmuş təlimdə narçılıqla məşğul olan 17 KOB subyekti aqrobiznes üzrə məsləhətçi Qabriel Eliaz tərəfindən nar bağlarının salınması, intensiv və yarım intensiv bağlar, məhsul yığımı və yığımdan sonra idarə etmə tədbirləri, məhsulun qablaşdırılması, ixracı və satış üçün düzgün bazarın seçilməsi barədə ətraflı məlumatlandırılıb.

Lənkəranda 10 KOB subyektinin iştirakı ilə keçirilmiş “Kənd təsərrüfatı məhsullarının sertifikatlaşdırılması” mövzusunda təlimdə isə mənşə sertifikatı və bunun üçün nəzərdə tutulan dövlət rüsumu, ixrac olunan malların satışının uçotu, mənfəət vergisi, gömrük rəsmiləşdirilməsi, “GAP”ın mahiyyəti və sertifikatları haqqında ətraflı məlumat verilib. Təlim çərçivəsində iştirakçılar və ekspertlər arasında fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb.