Dünyada adı ən çox hallandırılan iş adamlarından biri olan milyarder İlon Mask “Twitter” üzərinden anket sorğusu keçirərək “Tesla” şirkətindəki səhmlərini satacağı təqdirdə fərdi qaydada vergi ödəyə biləcəyini, bundan əlavə başqa gəliri olmadığı üçün vergi öhdəliyinin olmadığını açıqlamış, sorğuda “Vergi ödəmək üçün “Tesla”ya aid səhmlərimi satmalıyammı?” sualını qoymuşdu. Anket sorğusuna cavab olaraq onun vergi ödəməsinə üstünlük verilmişdi. İlon Mask bundan sonra “Tesla”ya aid səhmlərini müəyyən zaman fasilələri ilə satmağa başlamışdı.
Bu günlərdə İlon Mask 2021-ci ildə nə qədər vergi ödəyəcəyi ilə bağlı suala “Twitter” hesabından aydınlıq gətirərək bildirib ki, yola salmaqda olduğumuz il üçün onun ödəyəcəyi verginin məbləği 11 milyard dollardan çox olacaq.