Bakıda Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək

2021.12.20 10:31 (UTC+04:00)

Dekabrın 21-22-də Bakıda energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək.

Energetika Nazirliyindən verilən məlumata görə, dekabrın 21-də Enerji Forumu çərçivəsində karbohidrogen və neft-kimya, elektrik enerjisi, bərpa olunan enerji və tənzimləmə sahələri üzrə hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupların iclaslarının keçirilməsi və türkiyəli nümayəndə heyətinin Səngəçal terminalına səfəri nəzərdə tutulur.

Dekabrın 22-də isə Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu keçiriləcək. Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında sənədlərin imzalanması nəzərdə tutulur.

Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib.