Məlum olduğu kimi, Nazirlər Kabinetinin 1 dekabr 2021-ci il tarixli Qərarı ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası” təsdiq edilib.
Qərar “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli 1 nömrəli Qərarı ilə dizel yanacağının qiymətində baş vermiş artıma görə tarif dəyişikliyinin sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin neytrallaşdırılması, xüsusilə sərnişindaşımada nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə qəbul edilib. Qaydalara əsasən, subsidiya Tarif (qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli Qərarı qüvvəyə mindiyi tarixdən “İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 2018-ci il 30 iyul tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərin qüvvədə olduğu müddəti əhatə edən dövr üzrə verilir.
Subsidiya təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi həcmində, lakin müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7 faizindən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3 faizindən, müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5 faizindən çox olmamaqla hesablanır.
Vergi ödəyiciləri istifadə olunmuş dizel yanacağına görə subsidiyanın verilməsi ilə bağlı dəstək proqramından yararlanmaq üçün qeydiyyatda olduqları vergi orqanlarına müraciət etməlidirlər. Bu zaman vergi ödəyiciləri müvafiq qaydaların 1 nömrəli əlavəsinə əsasən, Hesabat formasını və Qaydaların 4.2-ci bəndində tələb olunan bır sıra sənədləri, o cümlədən subsidiya məbləğinin köçürüləcəyi bank hesabı barədə məlumatları, avtobusların yanacaq sərfi üzrə texniki göstəricilərini (texniki pasportlar), səlahiyyətli orqanlar tərəfindən verilmiş marşrut pasportunun elektron surətini, bank əməliyyatlarına dair məlumatı (bank çıxarışları) vergi orqanına təqdim etməlidirlər.
Daşıyıcıların müraciətinə 20 (iyirmi) gün müddətində baxılır. Dövlət Vergi Xidməti təqdim olunmuş elektron məlumatlar əsasında müraciətlərə baxaraq ödəniləcək subsidiyanın məbləğini müəyyən edir. Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların 5 iş günündən gec olmayaraq müddətdə aradan qaldırılması üçün daşıyıcılara 3 iş günü ərzində məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ödəniləcək subsidiyanın məbləği müəyyən edilir.
Dövlət Vergi Xidməti hər ayın 25-dək icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı uyğun ödəniş sifarişini Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edəcək. Agentlik 2 iş günü müddətində ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin daşıyıçıların bank hesablarına köçürülməsini həyata keçirəcək.
Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən, subsidiya almaq istəyən daşıyıcılar aşağıdakı şərtlərə cavab verməlidirlər:
“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na düşməməli;
Subsidiya verilməsi nəzərdə tutulan dizel yanacağının alışını nağdsız qaydada həyata keçirməli;
Əmək haqlarının ödənişini tam həcmdə nağdsız qaydada həyata keçirməli;
Nağdsız ödəniş sistemləri (ödəniş alətləri) ilə təchiz edilməmiş avtobuslarla sərnişindaşıma xidmətini həyata keçirən daşıyıcılar üzrə aylıq əsasda nağd qaydada qəbul edilən vəsaitlərin 60 faizi həcmində məbləği bank hesabına mədaxil etməlidirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 1 dekabr tarixli 379 nömrəli qərarı ilə aşağıdakı keçiddə tanış olmaq olar:
https://www.taxes.gov.az/az/page/azerbaycan-respublikasi-nazirler-kabinetinin-qerar-ve-serencamlari