Daha iki sahibkara “Startap” şəhadətnaməsi verilib

2021.12.16 18:42 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 27-yə çatıb.

“Startap” şəhadətnaməsi "Safavy" MMC-nin onlayn özünüinkişaf və təhsil platforması (www.safavy.org) və "Fogito" MMC-nin biznesin idarəedilməsi üzrə onlayn platforması (www.fogito.com) üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi