Bu ilin ilk rübündə əmək müqavilələrinin sayı artıb

2019.04.04 16:10 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2019-cu ilin yanvar-mart aylarında qeydiyyata alınmış əmək müqavilələrinin sayı 66 min artıb. Onlardan 47 min 500-ü özəl, qalanı dövlət sektorunda bağlanıb. Məlumat əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən əldə edilib. Buraya hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və əmək müqavilələri kağız üzərində bağlananlar aid deyil. Ötən il əmək müqavilələrinin sayında 91,3 min artım qeydə alınmışdı.

Xatırladaq ki, əmək müqaviləsi əsasında çalışmaq işçinin gələcək sosial təminat hüququna əsas yaradır, ona həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində işləmək, minimum əməkhaqqından aşağı olmayan əməkhaqqı almaq və s. kimi hüquqlar verir. Həmçinin, əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmaları baxımından xüsusi önəm kəsb edir.