Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şəmkir–Gədəbəy KOB İnkişaf Mərkəzinin (KOBİM) təşkilatçılığı və “Yüksəliş” müsabiqəsinin qaliblərinin iştirakı ilə “Öz işini qur yüksəl!” layihəsinə start verilib.
Layihə çərçivəsində 11-12 dekabr tarixlərində Şəmkir və Gədəbəy rayonlarından olan sahibkarlar və biznesə başlamaq istəyən şəxslər üçün “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən təlimlər keçirilib, məsləhət xidmətləri göstərilib. “Korporativ hüquq”, “Marketinq”, “Layihələrin idarə olunması”, “Maliyyə mənbələrinə çıxış” və “Maliyyənin idarə olunması” mövzularında təşkil olunmuş təlimlərdə sahibkarın hüquqları, marketinq, bazar araşdırmasının əhəmiyyəti, ideyanın layihə formasına salınması, qrant və maliyyələşmə imkanlarının araşdırılması, layihə büdcəsinin müəyyən edilməsi və s. mövzularda ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Peşəkar ekspertlər tərəfindən iştirakçılara onları maraqlandıran istiqamətlər üzrə fərdi məsləhət xidmətləri də göstərilib.
Təlim və məsləhət xidmətlərindən sahibkarlıq fəaliyyətinə maraq göstərən şəhid ailələrinin üzvləri, qazilər və özünüməşğulluq proqramından yararlanmış şəxslər, ümumilikdə 90-a yaxın iştirakçı faydalanıb.
Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.