Yaponiyada işçilərin maaşını artıran özəl şirkətlərdən tutulan vergi azaldılacaq

2021.12.14 13:26 (UTC+04:00)

Yaponiya hökumətinin tətbiq etməyi planlaşdırdığı yeni vergi sisteminə əsasən, öz işçilərinin əməkhaqqını 2,5 faizdən çox artıran kiçik və orta həcmli müəssisələrdən tutulan korporativ verginin dərəcəsi 40 faizə qədər azaldıla bilər. Rusiyanın TASS informasiya agentliyinin yaydığı xəbərdə bildirilir ki, bu məsələnin iqtidar koalisiyasına daxil olan partiyaların üzərində işlədiyi vergi islahatı layihəsinə salınacağı gözlənilir.

Qeyd edək ki, hazırda Yaponiyada özəl şirkətlərin işçilərin əməkhaqqını artırmağı təşviq edən maliyyə güzəştlərinin verilməsi sistemi qüvvədədir. İndi isə bu sistemi əhəmiyyətli dərəcədə genişləndirmək və fəallaşdırmaq nəzərdə tutulur. Yeni vergi islahatı layihəsində işçilərinin əməkhaqqını 4 faizdən çox artıran və onların peşə ixtisaslarını təkmilləşdirməsinə vəsait ayıran iri korporasiyalara 30 faizə qədər korporativ vergi güzəştinin olunacağı da gözlənilir.