Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Expo 2020 Dubai” sərgisi çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ölkəmizin aqrar imkanları barədə təqdimatlar keçirilib.
“Dubay Expo Mərkəz”də baş tutan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin və Baş Konsulluğunun yüksək vəzifəli şəxsləri, Azərbaycan Respublikasının Dubaydakı ticarət nümayəndəsi, eləcə də xarici şirkətlərin nümayəndələri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev və Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin müşaviri Cavid Musayev Azərbaycanda aqrar sahədə mövcud investisiya imkanları barədə məlumat veriblər.
Azərbaycan nümayəndə heyəti tərəfindən işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsində investisiya üçün aparıcı istiqamətlər və potensial layihələr, Qarabağda həyata keçirilən “Ağıllı kənd” layihəsi və bu sahədə görülmüş işlər, ölkədə tətbiq edilən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi barədə təqdimatlar keçirilib.
Tədbir çərçivəsində “Ağıllı kənd” layihəsi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi ilə bağlı videoçarxlar yayımlanıb.
Təqdimatlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb,
Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün əlverişli investisiya imkanları barədə məlumatlar xarici iş adamları və özəl sektorun nümayəndələri ilə bölüşülüb.
Tədbir hər iki dövlətin dövlət və özəl sektor nümayəndələri arasında işgüzar görüşlərlə davam edib.