Səudiyyə Ərəbistanından olan iş adamları Sumqayıt Kimya Sənaye Parkında olublar

2021.12.10 13:35 (UTC+04:00)

Səudiyyə Ərəbistanında Milli Şirkətlərin Təşviqi Proqramının (NCPP) Baş icraçı direktoru Badr-Al-Badrın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub.

İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifələrini icra edən Elşad Nuriyev ölkədə mövcud sənaye parkları, investorlar üçün yaradılan əlverişli şərait, rezidentlər üçün tətbiq edilən vergi və gömrük güzəştləri, sənaye parklarında istehsal olunan məhsullar barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın böyük qələbəsi nəticəsində işğaldan azad edilmiş Qarabağın dirçəldilməsi siyasətinə uyğun olaraq 2 sənaye parkı - Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları yaradılıb. Bu sənaye parklarında hazırda rezidentlər üçün əlverişli biznes mühitinin yaradılması istiqamətində işlər sürətlə gedir. Ərəb iş adamları Qarabağda yaradılan sənaye parklarına investisiya yatırmağa dəvət edilib.

Tərəflər Səudiyyə Ərəbistanına ixrac potensialı olan məhsulların siyahısını, eləcə də sənaye parklarına Səudiyyə Ərəbistanından investisiyanın cəlbi məsələlərini müzakirə ediblər.

Sonda nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə tanış olublar.