Orxan Məmmədov: Bu il KOBİM-lərin xidmətlərindən faydalananların 40 faizi gənclər olub

2021.12.10 12:27 (UTC+04:00)

2021-ci il ərzində KOBİM-lərin xidmətlərindən faydalananların 40 faizə qədəri gənclər olub.

Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov dekabrın 10-da Bakıda keçirilən “Gənc sahibkarların II forumu”nda deyib.

O qeyd edib ki, KOBİM-lərin gənclərin inkişafına yönəlmiş tədbirləri əsasən Gənclərin Karyera və İnkişaf Mərkəzləri, gənclərin qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlıq çərçivəsində keçirilir. Müşahidələrimizə görə, gənc sahibkarlar, startaplar və biznes fəaliyyətinə yeni başlamaq istəyən gənclər mütəmadi olaraq öz bilik və bacarıqlarının artırılmasına daha həssas yanaşırlar. KOBİA tərəfindən bu istiqamətdə müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi kimi dəstək tədbirləri biznesin qurulması və inkişafı üçün əhəmiyyətlidir. Bu məqsədlə ölkəmizin müxtəlif şəhər və rayonlarında KOBİA strukturunda 21 KOB inkişaf mərkəzi yaradılıb, KOB inkişaf mərkəzləri vasitəsilə yeni biznesə başlamaq istəyənlərə, startaplara, sahibkarlara təlimlər keçirilir, məsləhət və mentorluq xidmətləri göstərilir. Sözügedən xidmətlərin göstərilməsi təcrübəli və peşəkar ekspertlər tərəfindən ödənişsiz olaraq təmin edilir. Gənc sahibkar və menecerlər tərəfindən innovativ texnologiyaların, yeni biznes modellərin öyrənilməsi və daxili iş proseslərində tətbiqi üçün KOB-ların beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirakı tərəfimizdən dəstəklənir.

“Nümunə üçün deyə bilərəm ki, “Azərbaycanda biznes menecerlərinin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində KOB-ların nəzəri və praktik biliklərinin artırılması, Almaniyanın müəssisələrində istifadə edilən idarəetmə metod və texnoloji təcrübələr barədə yerində tanış olmaq imkanı yaradılır. Bu günədək 480 sahibkar və menecer bu proqramdan faydalanıb ki, onların arasında gənclər üstünlük təşkil edib”, - deyə KOBİA sədri qeyd edib.