Əməkhaqqı və işçilik xərcləri tikinti-quraşdırma işlərində ümumi xərclərin təqribən 10-20 faizini təşkil edir. Onun vergi auditi zamanı xərcin çəkilmə vaxtının düzgün müəyyən edilməsi, habelə bu cür xərclər üzrə vergi və digər icbari ödənişlərin düzgün hesablanılması baxımından önəm kəsb edir. Bu zaman əsas etibarilə iki məsələyə diqqət yetirilir:
- gəlirin tanınma vaxtına uyğun olaraq əməkhaqqı xərclərinin ildən ilə “sürüşdürülməsi” ehtimalı;
- işlərin görülməsinə cəlb edilmiş işçi qüvvəsinin rəsmiləşdirilməməsi yolu ilə əməkhaqqından (və ya xidmət haqlarından) tutulmaların düzgün bəyan edilməməsi.
Misal 1: Podrat müqaviləsi üzrə işlərin icrasına 2020-ci ilin oktyabr ayında başlanılıb. Həmin işlər 2021-ci ilin yanvar ayında başa çatdırılaraq təhvil verilib. Bu zaman işlərin 2020-ci ildə görülmüş hissələri ayrı-ayrılıqda təhvil-qəbul edilmədiyindən (və elektron qaimə-faktura təqdim edilmədiyindən) həmin işlərin görülməsi ilə bağlı əməkhaqqı məsrəfləri 2021-ci ildə xərc kimi tanınacaqdır. Qeyd edilən xərc 2020-ci il üzrə gəlirdən çıxılarsa maliyyə sanksiyası riski yaranır.
Misal 2: “Usta-1985” MMC (ad şərtidir) tərəfindən 2020-ci ildə tikilərək təhvil verilmiş inzibati bina üzrə cəmi xərclər 150.000 manat olub.Görülən işə görə əməkhaqqı məsrəfləri 6.000 manat dəyərində rəsmiləşdirilərək xərc kimi tanınıb. Səyyar vergi yoxlaması zamanı təyin edilən ekspertizanın nəticəsində işlərin yerinə yetirilməsinə sərf edilən günlərin və işçilərin say nisbəti hesablanıb, ümumi əmək tutumunun 23.000 manat olması müəyyən edilıb. Aradakı 17.000 fərq muzdlu iş kimi rəsmiləşdirilmədiyindən yoxlama zamanı mülki-hüquqi müqavilə üzrə işlər kimi qəbul edilməklə Vergi Məcəlləsinin 101.1-3-cü maddəsinə əsasən, 14 faiz dərəcə ilə vergiyə və “Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə əsasən, 25 faiz dərəcə ilə MDSS-na cəlb edilir.
Podrat müqavilələri üzrə tikinti işlərini yerinə yetirən müəssisələrin yoxlanılması zamanı habelə balansda və ya istifadədə olan texnikalar, nəqliyyat vasitələri üzrə yanacaq, sürtkü materialları silgisinin texniki normativlərə uyğunluğu, icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərcləri, uzun müddət və iri həcmlərdə saxlanılması mümkün olmayan mal-materialın qalıqda göstərilməsi (yanacaq, beton, tərkibində xüsusi kimyəvi qatqılar olan materiallar və s.) məsələləri də diqqətdə saxlanılır.