Dekabrın 9-da Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) 17-ci illik iclası keçirilib. “KOB-lar davamlı inkişafın aparıcı qüvvəsidir” mövzusuna həsr olunmuş tədbirdə INSME-yə üzv olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də iştirak edib.
KOBİA-dan bildirilib ki, iclasdakı çıxışında qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov pandemiyanın yerli KOB-lara neqativ təsirinin azaldılması üçün Azərbaycanın dəstək tədbirləri, eləcə də agentliyin fəaliyyəti və KOB-lara göstərdiyi xidmətlər barədə məlumat verib.
Qeyd edək ki, sıralarında 30 ölkədən 70-ə yaxın üzvü birləşdirən INSME-nin missiyası müxtəlif ölkələrdə KOB sahəsində fəaliyyət göstərən qurumlar arasında təcrübə mübadiləsini genişləndirmək, bu sahədə qabaqcıl mexanizmləri, dövlət-özəl dialoqunu və beynəlxalq tərəfdaşlığı təşviq etməkdir. KOBİA 2020-ci ildən INSME-nin üzvüdür.