Bakı şəhərində və Abşeron rayonundakı DOST Mərkəzlərində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə 4700-dən çox şəhid ailəsi üzvü və Vətən müharibəsi iştirakçısı müraciət edib.
Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılan vahid əlaqələndirmə mərkəzləri şəhidlərimizin ailə üzvləri, müharibə əlilləri və Vətən müharibəsində xəsarət almış hərbi qulluqçulara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlər göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin mərkəzlərdə hazırda 21 dövlət orqanı (6 mərkəzi, 15 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir. Hazırda ölkəmizin regionlarında da vahid əlaqələndirmə mərkəzlərinin yaradılması işləri aparılır.
Ötən müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 1638 müraciət, Müdafiə Nazirliyi üzrə 1785 müraciət, Səhiyyə Nazirliyi üzrə 97 müraciət, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 224 müraciət, yerli icra hakimiyyəti orqanları üzrə 243 müraciət, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 105 müraciət, Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 321 müraciət, Çağrı mərkəzi-142 vasitəsilə 288 müraciət edilib.