Banklar azad olunmuş ərazilərdə xidmət göstərəcək

2021.12.08 16:28 (UTC+04:00)

Ərazilərimiz azad edilən gündən bank sektorunda bu ərazilərdə maliyyə-bank infrastrukturunun bərpası üzrə müzakirələr başlanıb və konkret tədbirlər planı hazırlanıb. Eyni zamanda, bu məsələləri Mərkəzi Bank ilə birlikdə sinxron şəkildə müzakirə edirik.

Bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev jurnalistlərə açıqlamasında deyib.

“Burada bütövlükdə yeni innovativ ödəniş sistemləri və ödəniş instrumentləri üzərindən maliyyə-bank sektorunun xidmətlərinin təşkilini təmin edəcəyik. Yaxın günlərdə Qarabağ Dirçəliş Fondu və Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları ilə birlikdə azad olunmuş ərazilərdə müvafiq konfrans və görüşlərin keçirilməsini planlaşdırırıq. Bu görüş çərçivəsində bank-maliyyə xidmətlərinin təqdim edilməsini, azad olunmuş ərazilərə yeni investisiyaların cəlbi, bu ərazilərdə fəaliyyət göstərən və göstərəcək fiziki şəxslər üçün zəruri olan investisiyaların, bank xidmətlərinin, bank kreditlərinin və digər xidmətlərin göstərilməsini geniş müzakirə edəcəyik. Müzakirələr nəticəsində qəbul etdiyimiz qərarları ictimaiyyətə açıqlayacağıq”, - deyə Z.Nuriyev qeyd edib.