Doqquz ay ərzində Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan 7 min 993 şəxsə 109 min 443 tibbi xidmət göstərilib

2021.12.08 15:15 (UTC+04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olan müraciətlərə əsasən Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan 7 min 993 şəxsə 109 min 443 tibbi xidmət göstərilib. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 95 min 687-si ambulator, 13 min 756-sı isə stasionar şəraitdə göstərilib. Tibbi xidmət almış şəxslərdən 7 min 51 nəfəri müharibə iştirakçısı, 942 nəfəri isə şəhid ailəsi üzvü olub.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. "Həmin dövr ərzində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 321 pasiyent üzərində 381 cərrahi əməliyyat icra olunub. Əməliyyatlar arasında cərrahi müdaxilədən sonrakı vəziyyətlər, hərbi əməliyyatlar zamanı partlayış və ya qəlpələrin səbəb olduğu zədələr çoxluq təşkil edib. Həmçinin Tibbi Reabilitasiya Xəstəxanasında 696 nəfərə reabilitasiya xidmətləri göstərilib", - deyə Z.Əliyev diqqətə çatdırıb.