Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərin məzuniyyəti necə hesablanır?

2021.12.13 10:05 (UTC+04:00)

Əmək Məcəlləsinin 120-ci - “Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti” maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Maddədə diqqət çəkən məqam ikinci Qarabağ müharibəsində vuruşan, yaralanan və ya döyüşlərdə fərqlənənlərə (məsələn, Füzuli və ya Şuşanın azad olunmasına görə medal alan) 46 təqvim günü məzuniyyətin aid edilib-edilməsidir.

İqtisadçı ekspert Anar Bayramov “vergiler.az” saytına açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsində (Vətən müharibəsində) qələbə münasibətilə müvafiq qaydada Azərbaycan Respublikasının orden və medalları təsis edilib ki, bu döyüşlərdə fədakarlıq göstərmiş şəxslər ölkə Prezidenti tərəfindən orden və medallarla təltif ediliblər. Bu təltiflər Əmək Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltiflərinə aid edildiyi üçün həmin təltifləri olan işçilərə 46 təqvim günü müddətində əmək məzuniyyəti verilir.