Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər öz fəaliyyət sahələri üzrə məcburi dövlət sosial sığorta haqqını aşağıdakı dərəcələrlə hesablayıb ödəməlidirlər:
• Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hər ay ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 50 faizi,
• digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən isə 25 faizi miqdarının
- Bakı şəhərində 100 faizi,
- Sumqayıt və Gəncə şəhərində 90 faizi,
- digər şəhərlərdə 80 faizi,
- rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi,
- kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı hesablanmalıdır.
Misal: Fərdi sahibkar Sumqayıt şəhərində pərakəndə ticarət fəaliyyəti ilə məşğul olur. Bu halda onun qeyd edilən sahibkarlıq fəaliyyəti üzrə ödəməli olduğu aylıq məcburi dövlət sosial sığorta haqqının məbləği 56,25 manat (minimum aylıq əməkhaqqı 250 manat x 25% x 90% (Sumqayıt şəhərində fəaliyyət göstərdiyini nəzərə alaraq)) olacaqdır.
Əsaslandırma: “Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsi