2018-ci ilin 10 ayı ərzində dövlət büdcəsinə 190,8 milyon manat vəsait elektron qaydada ödənilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faizə yaxın artım deməkdir. Bu sahədə müsbət dinamikanı təmin edən başlıca amil isə son zamanlar vergi, rüsum, cərimə, icarə haqqı və digər büdcə ödənişlərinin ölkəni əhatə edən geniş ödəmə infrastrukturları vasitəsilə toplanılması məqsədilə həyata keçirilən təşviqedici siyasətdir.
Vergilərin elektron qaydada ödənişi beynəlxalq təşkilatların hesabatlarında respublikamızın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına təsir göstərib. Dünya Bankının "Doing Business 2019" hesabatında ən mühüm indikatorlardan biri olan "Vergilərin ödənilməsi" ("Paying Taxes") üzrə Azərbaycanın göstəricilərinin yaxşılaşması bunu təsdiqləyir. Hesabat hazırlanarkən dövlət büdcəsinə vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsi sahəsində vergi sistemində tətbiq olunan yeniliklər, sosial müdafiə ayırmaları üzrə hesabatların və ödənişlərin elektron formada aparılması və digər sahələrdə əldə edilmiş nailiyyətlər nəzərə alınıb.
Vergilərin elektron qaydada ödənişi beynəlxalq təşkilatların hesabatlarında
respublikamızın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına təsir göstərib
Ölkəmizdə elektro vergi ödənişlərinin tətbiqinə 2008-ci ilin yanvar ayının 1-dən başlanıb. İlkin mərhələdə ƏDV ödəyiciləri ƏDV depozit hesabı vasitəsilə həm ƏDV, həm də digər tədiyyələr üzrə ödənişləri dövlət büdcəsinə tranzaksiya edə bilirdilər. 2012-ci ilin aprel ayından "Vergi və rüsumların internet vasitəsilə ödənilməsi" xidməti istifadəyə verildikdən sonra bütün tədiyyələr üzrə dövlət büdcəsinə edilən ödənişlərin elektron qaydada həyata keçirilməsi təmin olunub. Bu prosesin başlandığı dövrdən növbəti illər üzrə elektron qaydada ödəmələrin dinamikasında hər il artım olub. "Elektron hökumət" infrastrukturunun genişlənməsi, müasir ödəniş mexanizmlərindən istifadə edilməsi, bu prosesə ödəniş şirkətlərinin cəlb olunması da onlayn ödəmələrin həcminin artmasına müsbət təsir göstərib.
Hazırda vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron ödəniş sistemləri genişləndirilməkdədir. Bu günlərdə dövlət başçısının iştirakı ilə istifadəyə verilən Elektron Hökumətin İnkişafı Mərkəzi "ASAN xidmət"in mobil versiyası da vergi ödənişlərinin onlayn şəkildə asan və rahat həyata keçirilməsini təmin edir. Elektron ödənişin tətbiqi vergi inzibatçılığının təkmilləşdirilməsinə və çevik nəzarət sisteminin yaradılmasına da müsbət təsirini göstərir.
ELBRUS