Nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi Azərbaycanın strateji və iqtisadi maraqlarına uyğundur

2021.12.03 18:30 (UTC+04:00)

Kommunikasiyaların paralel bərpası, eyni zamanda, nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi Azərbaycanın strateji və iqtisadi maraqlarına uyğundur.

Bu barədə deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Azərbaycan bölgənin nəqliyyat habına çevrilir. Xüsusən Zəngəzur dəhlizinin istifadəyə verilməsi və həmin dəhlizin “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinə inteqrasiyası Azərbaycan üçün beynəlxalq yükdaşımalar, həm də ölkəmizdə istehsal edilən məhsulların daha böyük bazarlara çıxarılması baxımından vacib hesab olunur. Praktiki olaraq, bu, Azərbaycanın qeyri-neft sektorunun inkişafına və ölkəyə daxil olan valyutanın həcminin artmasına xüsusi töhfə verəcək.

“Son illər Azərbaycan nəqliyyat sektorunda infrastrukturun ciddi şəkildə təkmilləşməsinə nail ola bilib. Bu da təbii ki, beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya baxımından vacibdir. Həm “Şimal-Cənub”, həm “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin Azərbaycan üzərindən reallaşması ölkəmizin strateji əhəmiyyətini göstərən məqamlardan biridir. İşğaldan azad olunmuş ərazilərimizdə artıq yeni və müasir nəqliyyat infrastrukturu qurulur. Bu da ölkə iqtisadiyyatına və qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək. Azərbaycanda mövcud olan və istifadəyə veriləcək yeni nəqliyyat dəhlizləri qeyri-neft sektorunun inkişafına yeni imkanlar yaradacaq”, - deyə V.Bayramov diqqətə çatdırıb.