Özəl müəssisələrin təhsilə qoyduğu sərmayələr vergidən azaddır

2019.04.03 18:29 (UTC+04:00)

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər arasında təhsil, səhiyyə, idman və mədəniyyət sahələrinin inkişafını dəstəkləyən yeniliklər var ki, bunlar dövlətin sosial müdafiə siyasətində mühüm əhəmiyyət daşıyır. Məcəlləyə edilmiş dəyişikliyə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılmış publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizdən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən olunmuş meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il yanvarın 1-dən 10 il müddətinə vergidən azad edilib: bir şərtlə ki, müəssisə həmin sahələrə pulları nağdsız qaydada ödəsin.

Beləliklə, vergi qanunvericiliyinə edilmiş sonuncu dəyişikliklərdən sonra təhsil sahəsinə (eləcə də səhiyyə, idman və mədəniyyət sahələrinə) ayrılan sponsorluq vəsaitləri müəyyən hədlər çərçivəsində vergidən azad olunub. Bu güzəştlər özəl təhsil müəssisəsinin özünün əldə etdiyi gəlirlərdən təhsil ocağının maddi-texniki bazasının möhkəmləndirilməsinə, habelə sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün şəraitin yaradılmasına yönəldilən vəsaitlərə də aiddir. Məsələn, özəl təhsil müəssisəsi əldə etdiyi mənfəəti yenidən təhsilin inkişafına yönəltməklə müasir təhsil binası inşa edə bilər. Bu halda həmin təhsil ocağının, eləcə də sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti vergidən azad olunur. Lakin Vergi Məcəlləsinin 106.1.7-ci maddəsində nəzərdə tutulmuş bu güzəştdən istifadə zamanı mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna təşkil edir. Yəni özəl təhsil müəssisəsi əldə etdiyi mənfəəti təhsilin inkişaf məqsədlərinə xərcləyərkən həmin vəsait mənfəət vergisindən azad olunsa da, mənfəətin dividendlərin ödənilməsinə yönəldilmiş hissəsindən mənfəət vergisi hesablanaraq büdcəyə ödənilməlidir. Məsələn, hər hansı özəl ali məktəbin mənfəəti 80.000 manat olarsa və həmin məbləğin 64.000 manatı (xalis mənfəət) dividendlərin ödənilməsinə yönəldilərsə, bu halda təhsil müəssisəsi 64.000 manatdan mənfəət vergisi hesablamalıdır.

Elxan SALAHOV