“AzerGold” QSC-nin (QSC) Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Müşahidə Şurasının üzvləri, eləcə də “AzerGold” QSC-nin sədri və İdarə Heyətinin üzvləri iştirak ediblər.
QSC-dən bildirilib ki, iclasda şirkətin 2021-ci il üzrə gəlirlər və xərclər smetasına dəyişikliklər, “Cəmiyyətin qızıl satışından gəlirlərinə bazar qiymətinin mənfi təsirinin minimallaşdırılmasının təmin edilməsi məqsədilə hedcinq əməliyyatları üzrə Qaydalar” müzakirə edilərək təsdiqlənib. Şirkətin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan əlvan metal yataqlarının perspektivliyi ilə bağlı strateji təhlilləri, “Daşkəsən” dəmir filizi yatağının istismarı layihəsi və digər dəyişikliklərin Cəmiyyətin 2035-ci ilədək olan dövr üzrə inkişaf strategiyası daxilində təsdiq edilməsinə dair müvafiq qərarlar qəbul edilib.