İordaniyanın “Nayruz”, İraqın “Əfkarhür”, Misirin “Mədəniyyət xəbərləri” və Fələstinin “Əl Bayadər” portallarında azərbaycanlı şərqşünas Həşim Məmmədov və siyasi şərhçi Turan Rzayevin “Zəngəzur dəhlizi və ərəb ölkələri üçün yeni fürsətlər” sərlövhəli məqaləsi yayımlanıb.
Məqalədə 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallığın region ölkələri ilə yanaşı, həm də Yaxın Şərqin ərəb ölkələri üçün də yaratdığı imkanlardan bəhs olunur.
Müəlliflər qeyd edib ki, son illər Avrasiya məkanında mühüm və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən Azərbaycan Avropa və Çin arasında nəqliyyat əlaqələri baxımından həmin ölkələr üçün yeni marşrut olacaq. İri neft və qaz tədarükçüsü olan ərəb ölkələri, eyni zamanda, karbohidrogen ehtiyatlarını quru kəmərləri vasitəsilə dünya bazarlarına çatdıra bilər. Azərbaycanın Avropaya uzanan və gələcəkdə Mərkəzi Asiyanı da daha sıx birləşdirəcək enerji infrastrukturu buna imkan verir. (AZƏRTAC)