Aşqabad Zirvə Görüşündə mühüm anlaşmalardan biri də Türkmənistan, İran və Azərbaycan arasındakı mavi qaz anlaşmasının imzalanması olub. Bu barədə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki, söhbət 1,5-2,0 milyard kubmetr həcmində qazın Türkmənistandan İran və daha sonra Azərbaycana nəqlindən gedir:
“Bununla da ilk dəfə idi ki, Xəzəryanı ölkələr üçtərəfli formatda swap enerji anlaşması imzaladılar. Xüsusən də, sözügedən 3 ölkə arasında müəyyən zamanlarda mübahisəli yataqlar probleminin olduğunu və cənub qonşumuz ilə ehtiyatlarla bağlı bəzi məsələlərin hələ də tam dəqiqləşdirmədiyini nəzərə aldıqda bu sənəd xüsusi əhəmiyyətə malik hesab olunur”.
V.Bayramov qeyd edib ki, bu anlaşma Türkmənistan üçün enerji məhsullarının ixracının diversifikasiyası üçün baza formalaşdıra bilər. Millət vəkili Türkmənistanın ixracda daha az mənbədən asılı olduğunu nəzərə alaraq, bunun şərqi Xəzəryanı ölkə üçün vacib prioritetlərdən olduğunu deyib.
Qeyd olunub ki, bu sazişlə İran şimal istiqamətində yeni enerji əməkdaşlığına başlayacaq. Hələ də sanksiyaların aktiv olduğu cənub qonşumuz üçün bu vacibdir:
“Azərbaycan üçün bu anlaşma daxili tələbin ödənilməsi mənbələrinin genişləndirilməsi və ixrac imkanlarının artırılması baxımdan vacib hesab olunur. Doğrudur, ümumi həcm azdır, amma gələcəkdə Şərqi Xəzərin mavi qazının Cənub Qaz Dəhlizi ilə nəqli heç də istisna deyil. Nəhayət, ən əsası bu anlaşma bölgədə formalaşan yeni reallığa uyğun olaraq sülhün dayanıqlığının təmin edilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətli sayılır”.