Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutu Azərbaycanın alkoqollu içki istehsalçıları, o cümlədən şərabçıları üçün təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, Çin Kommersiya Nazirliyinin dəstəyi ilə keçirilən təlimlər Azərbaycan istehsalı olan alkoqollu içkilərin Çin bazarında təşviqinə həsr edilib. Noyabrın 30-da təlimlərin açılış mərasimində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Zöhrab Qədirov, Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutunun direktoru Siao Dan, Çinin Azərbaycandakı səfirliyinin nümayəndəsi Sü Cünnin və digərləri iştirak edib.
Ticarət nümayəndəsi Teymur Nadiroğlu son illər “Made in Azerbaijan” məhsullarının Çində təşviqi istiqamətində görülmüş işlər haqqında məlumat verərək bildirib ki, Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutu ilə əməkdaşlıq nəticəsində 2019-cu ildən Çində Azərbaycan Şərabçılığının Təşviqat Mərkəzi fəaliyyət göstərir. Mərkəz tərəfindən Azərbaycan şərabçılığına dair Çin dilində internet sayt və Çində populyar olan “Wechat” sosial şəbəkəsində səhifə fəaliyyət göstərir.
Ticarət nümayəndəsi təşkil olunan təlimlərin Azərbaycan şirkətləri üçün səmərəli olacağını, sahibkarlarımızın bu təlimlər vasitəsilə Çin istehlak bazarını daha yaxından tanımaq və nəticədə ixracı artırmaq imkanı əldə edəcəyini bildirib.
AZPROMO-nun vitse-prezidenti Zöhrab Qədirov “Made in Azerbaijan” brendinin təbliği və təşviqi mexanizmləri, Milli İxrac Strategiyasının layihəsi və bu strategiyada Çin bazarının önəmi, habelə, təmsil etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat verib.
Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutunun direktoru Siao Dan təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri və Azərbaycanla əməkdaşlığı haqqında danışıb. Bildirib ki, institut 2005-ci ildən etibarən Çin Kommersiya Nazirliyinin təlimatlarına uyğun olaraq 176 layihə icra edib, 134 ölkənin dövlət qurumlarının və şirkətlərinin nümayəndələri üçün təlimlər keçirilib. Azərbaycan şirkətləri üçün keçirilən təlimlər qida təhlükəsizliyinin idarə edilməsi, qida emalı və saxlanılması, qida təhlükəsizliyinin müəyyən edilməsi texnologiyası və alkoqollu içkilərin dövriyyəsinin idarə edilməsi kimi mövzuları əhatə edəcək.
Qeyd olunub ki, beynəlxalq ticarət, kənd təsərrüfatı, şərabçılıq, elektron ticarət və gömrük kimi sahələri təmsil edən ekspertlərin dərsləri təşkil olunacaq. Bu təlimlər vasitəsilə Azərbaycan şirkətləri Çində alkoqollu içkilər dövriyyəsi və alkoqollu içkilərin istehlak bazarı haqqında geniş məlumat əldə edə biləcək.
Çinin Azərbaycandakı səfirliyinin nümayəndəsi Sü Cünnin ölkələrimizin ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı haqqında danışıb. Bildirib ki, bu, COVID-19 pandemiyasının başlanmasından sonra xarici ölkələrə humanitar yardım çərçivəsində Çin dövlətinin Azərbaycan üçün təşkil etdiyi ilk təlimdir.
Açılış mərasimində sahibkar Nizami Əliyev Azərbaycanın qədim şərabçılıq mədəniyyəti, ölkəmizin şərabçılıq sənayesinin perspektivləri və Çin bazarının Azərbaycan şərabları üçün önəmi barədə danışıb.
Qeyd edək ki, dekabrın 20-dək davam edəcək və 42 mövzudan ibarət olan təlimlər onlayn formatda keçiriləcək. Təlimlərdə Azərbaycanın 20-yə yaxın şirkətinin nümayəndəsi iştirak edəcək.