Yeni ildən 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunacaq, sosial ödənişlər artacaq

2021.11.30 16:10 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclası keçirilib. Prezident İlham Əliyevin tapşırığı ilə son illər sosial sahədə aparılan islahatları qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu islahatların davam etdiyini bildirib.

Nazir vurğulayıb ki, dövlət başçısının imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 2022-ci ilin dövlət büdcəsinin layihəsində sosial ödənişlərin artırılması ilə əlaqədar islahatlar nəzərə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq və həmin islahat 1 milyonadək işçini əhatə edəcək, o cümlədən, minimum əməkhaqqında artım olacaq. Ümumilikdə, 2022-ci ilin əvvəlindən 2 milyondan çox insanı əhatə edən pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım formasında sosial ödənişlərdə artımlar olacaq.

S.Babayev bildirib ki, 2022-ci ildə minimum pensiyaların artımı ilə yanaşı, pensiyaların indeksləşdirmə əsasında artırılması da nəzərdə tutulur.

Qeyd olunub ki, ümumən pensiya islahatlarında məqsəd dövlət pensiya sisteminin davamlılığının qorunması ilə yanaşı, bu sistemdə yeni humanist yanaşmaların tətbiqi, pensiya təminatına əlçatanlığın artırılmasıdır. Son illərdə bu sahədə mühüm addımlar atılıb, qarşıdakı dövrdə də davam edəcək.

İmtiyazlı kateqoriyalara aid vətəndaşların mənzillə təminatı proqramından bəhs olunub. 2021-ci ildə şəhid ailələri, müharibə əlilləri və digər həssas kateqoriyadan olan 2500 şəxsə mənzillərin sənədi təqdim edilib. Həmçinin bu il daha 164 müharibə əlillinə dövlət büdcəsi hesabına minik avtomobili verilib.

İclasda daha 182 peşə və kvalifikasiya standartının təsdiq edilməsi qərara alınıb. Qeyd edilib ki, peşə və kvalifikasiya standartları işçi qüvvəsinin işəgötürənlərin tələbinə cavab verməsi və rəqabət qabiliyyətinin artırılması, peşə-ixtisas təhsili proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanır. Ümumən 2021-ci ilin ötən dövründə 700-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib və ilin sonuna həmin rəqəmin 1000-ə çatdırılması planlaşdırılıb.

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində aparılan işlər diqqətə çatdırılıb. Əməyin mühafizəsi üzrə beynəlxalq standart olan İSO 45001 əsasında milli standartların hazırlanması, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin yaradılması işlərinin sürətləndirilməsi tapşırılıb.

Kollegiya iclasında əlilliyin qiymətləndirilməsi işlərindən bəhs olunub. Bu ilin ötən dövründə 51 minədək şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 8 min şəxsə 40 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsinin verildiyi, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçinin 173 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyi qeyd olunub.

Ödənişli ictimai işlər proqramının icrası, sosial təminatın həyata keçirilməsi, sosial xidmətlər, əlilliyin qiymətləndirilməsi və reabilitasiya, övladlığagötürmə və s. sahələrdə bu ilin ötən dövründə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.