“Omikron”un yayılma tezliyindən asılı olaraq növbəti addımların müəyyənləşəcəyi gözlənilir

2021.11.30 10:15 (UTC+04:00)

Koronavirusun yeni “Omikron” variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarları verməsinə səbəb olub. Bu barədə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki, dünyanın 3-cü ən böyük iqtisadiyyatına malik olan Yaponiya xaricilərin bu ölkəyə gəlməsinə qadağa tətbiq etmək niyyətindədir. İsrail isə 2 həftəlik qapanma tətbiq etməyi planlaşdırır. ABŞ 8 ölkədən Birləşmiş Ştatlara səfərləri yasaqlayıb.

V.Bayramovun sözlərinə görə, “Omikron”un aşkar edilməsi dünya birjalarına və eləcə də neft bazarına ciddi təsir etsə də, birjalar həftəyə nikbin başladılar. Ötən həftənin son iş günü 10 faizdən çox ucuzlaşan neft bu həftəyə 4 faizə yaxın artımla başlayıb:

“Hazırda “Brent” markalı neftin 1 barelinin qiyməti 75 dollardan baha satılır. “Omirkon” variantından ehtiyatlansalar da birjalar aparıcı ölkələrin daha geniş qapanmalara getməyəcəyinə ümidlüdilər. Belə ki, ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələr “Omikron” variantının araşdırılması üçün ən azı 1 həftə zaman lazım olduğunu bəyan ediblər. Digər tərəfdən, bir sıra ölkələr qapanma qərarı versələr də etiraf etmək lazımdır ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr “lock down” qərarları ehtiyatla qəbul edilir”.

Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. Millət vəkili qeyd edib ki, “Omikron” variantının təsirləri və yayılma coğrafiyası, eləcə də tezliyindən asılı olaraq növbəti addımların müəyyənləşəcəyi gözlənilir. Bununla belə, millət vəkili indiki halda yenidən sərt qapanmalara getməyin arzuolunan olmadığını deyib. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanmasının vacib olduğunu vurğulayıb: “Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər”.