Blokçeyn texnologiyaları iqtisadi proseslərə daxil olur

2018.12.05 15:30 (UTC+04:00)

2019-cu ildə "Rəqəmsal hökumət" quruculuğu istiqamətində nəzərdə tutulan əsas layihələrdən biri müasir maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsidir. Bu istiqamətdə qarşıya qoyulmuş prioritetlərdən biri də blokçeyn platformasının yaradılmasıdır.

Mərkəzi Bankın əməkdaşı Fərid Osmanov bildirib ki, blokçeyn texnologiyalarının inkişaf etdirilməsi ilə bağlı tədbirlər görülür və qanunvericilikdə bir sıra məsələlərin öz əksini tapması nəzərdə tutulub. Azərbaycanda qabaqcıl informasiya, nano, maliyyə və kommunikasiya texnologiyalarının tətbiqi daim genişlənir. Artıq bu istiqamətdə dövlət-özəl əməkdaşlığının bariz nümunəsi kimi yaradılmış Rəqəmsal Ticarət Qovşağı blokçeyn texnologiyalarının tətbiqinə fürsət yaradır. Hazırda bu qovşağın ən mühüm tərkib hissəsi sayılan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının fəaliyyət prosesində blokçeyn texnologiyasının tətbiqi planlaşdırılır.

Blokçeyn texnologiyalarının tətbiqi bütün dünyada olduğu kimi Azərbaycanda da diqqətlə öyrənilir, risklər və imkanlar qiymətləndirilir. Azərbaycanın maliyyə-bank sektorunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, maliyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşması, maliyyə resurslarına əlçatanlığın genişləndirilməsi və qlobal miqyasda rəqabətədavamlılığın təmin olunması blokçeyn texnologiyalarının səmərəli tətbiqindən də asılı olacaq.

Hazırda "Azexport"da blok¬çeyn texnologiyalarının tətbiqi istiqamətində araşdırmalar aparılır. Bu sahədə digər innovativ imkanların daha geniş araşdırılmasına ehtiyac var. Gələcəkdə blokçeyn texnologiylarının irəliləməsi banklar, depozitarlar və notariuslar üçün yeni reallıqlar yaradacağı üçün indidən hazırlıqlar görülməlidir. Blokçeyn texnologiyaları səhiyyə, mülkiyyət hüquqlarının müdafiəsi, istehlak, pul köçürmələri və big data kimi sahələrdə daha böyük fayda gətirəcək.

Azərbaycan Sinqapur, Avstraliya, Hindistan, İrlandiya və digər ölkələrin banklararası əməliyyatların blokçeyn üzərindən aparılması istiqamətində həyata keçirdiyi layihələrin tətbiqini nəzərdən keçirir. Həmin ölkələrin atdığı addımlar göstərir ki, yaxın gələcəkdə bütün banklararası əməliyyatlar daha sürətli, effektiv, təhlükəsiz və ucuz şəkildə blokçeyn platforması üzərindən aparılacaq. "Cryto Consulting" şirkətinin rəhbəri Elnur Quliyev bildirib ki, blokçeynlər hazırda dünyada rəqəmsal ticarətin ən mühüm layihələrindən birinə çevrilib. Dünyanın bir çox nüfuzlu bankları və maliyyə təşkilatları rəqəmsal valyutaların ən təhlükəsiz və effektli aləti kimi blokçeyn texnologiyasının tətbiqinə geniş yer verib. Avropa bankları blokçeynin tətbiqinin yeni imkanlar yaratmaqla bərabər, vaxta və xərclərə qənaət olunduğunu, pulköçürmə əməliyyatlarında riskləri minumuma endirildiyini nəzərə alaraq bu texnologiyanın qeyri-maliyyə sektorlarında da tətbiqini araşdırır.

Ekspert hesab edir ki, blokçeyn vasitəsilə ticarət sektoru daha da canlanacaq. Ticarətin blokçeyn üzərində qurulması üçüncü tərəfləri ortadan qaldırmaqla ticarəti sadələşdirə, kriptoqrafik kontraktlardan istifadə edərək ixrac və idxalı daha təhlükəsiz edə, əməliyyatların müddətini qısalda və xərcləri azalda bilər. Blokçeynlər ekoloji mühitin təmiz saxlanmasına da öz töhfəsini verəcək. Təbii resursların çıxarılması, emalı və daşınmasında blokçeyn texnologiyasının tətbiqi ətraf mühitə mənfi təsirlərin azaldılmasına şərait yaradır. Media sahəsində də blokçeynin tətbiqi nəticəsində hər bir jurnalistin yazdığı məqaləyə görə oxuma trafikinə əsasən hansısa miqdarda pul vəsaiti daxil olacaq ki, bunun sayəsində ən çox oxunan məqalə müəllifləri daha çox qazanacaqlar. Blokçeynin tətbiqi notarius xidmətinə də öz təsirini göstərə bilər. Daha doğrusu, bu texnologioyanın inkişafı bəzi sahələrdə notarisua ehtiyacı aradan qaldırır. Bütün məlumatlar verilənlər bazasında olduqdan sonra hər hansı sənədi notariusun yenidən təsdiq etməyinə ehtiyac qalmır ki, bununla da pula qənaət edilmiş olur.

Blokçeyn vergi sistemində də yeni yanaşmaların ortaya çıxmasına şərait yaradır. Vergi inzibatçılığında qlobal meyillər və rəqəmsal transformasiyalar, vergi ödəyiciləri ilə münasibətlərin qurulmasında müasir texnologiyalardan istifadə edilməsi, blokçeyn və onun mövcud potensialı, Vergilər Nazirliyinin rəqəmsal transformasiya istiqamətində fəaliyyəti və s. kimi məsələlər bu gün aktuallığı ilə seçilir. Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin direktor müavini Şamil Ərəbov qeyd edib ki, bir çox ölkələrin elektron idarəetmə təcrübəsində istifadə edilən blokçeyn texnologiyalarının hazırda rəqəmsal iqtisadiyyatda rolu artır. Həmin sahənin vergiyə cəlb edilməsi əsas məsələlərdən biri olduğundan bununla əlaqədar Vergi Məcəlləsinə elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı müddəalar daxil edilib. Blokçeyn üzrə əməliyyatların aparılması zamanı hüquqi şəxslər üçün mənfəət, fiziki şəxslər üçün isə gəlir vergisinin tutulması planlaşdırılır.

E. CƏFƏRLİ