Gələn ildən Azərbaycanda “Avro-5” standartlarına cavab verən dizel yanacağı istehsal ediləcək

2021.11.29 18:51 (UTC+04:00)

Bu yaxınlarda Heydər Əliyev adına Neft Emalı zavodunda artıq bir neçə köməkçi qurğular istismara veriləcək. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb.

Bu sözləri KİV-ə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O qeyd edib ki, sonrakı mərhələdə - 2022-ci ildə dizelin təmizlənməsi qurğusu da istismara veriləcək: “Artıq növbəti ilin ortalarında Azərbaycanda “Avro-5” standartlarına cavab verən dizel yanacağının istehsalının başlanması nəzərdə tutulub. Bundan sonra 1 il ərzində mərhələli şəkildə digər qurğular da istismara verildikcə, istehsal olunan benzinin keyfiyyəti tədricən artırılacaq. 2023-cü ilin ortalarında benzinin keyfiyyəti “Avro-5” standartlarına tam uyğunlaşdırılacaq”.

SOCAR rəsmisi nəzərə çatdırıb ki, zavodda hazırda “Aİ-92” benzini, eləcə də dizel və təyyarə yanacağı istehsal edilir. Gələcəkdə isə “Aİ-95” benzininin istehsalı nəzərdə tutulub. Çünki bu yanacaq məhsuluna tələbat artmaqdadır.