Ticarət obyektlərində işçi heyətin tibbi maskadan istifadə etməsi zəruridir

2021.11.29 15:27 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl olunması məqsədilə monitorinqləri davam etdirir.

Ticarət obyektlərini əhatə edən monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskalardan istifadəsi və sosial məsafənin gözlənilməsi halları yoxlanılır. Bununla əlaqədar, vergi orqanı əməkdaşları tərəfindən 36.935 təsərrüfat subyektində aparılmış müşahidələr nəticəsində 3.952 halda qanun pozuntusuna yol verildiyi müəyyən olunub, sahibkarlıq subyektlərinə 1 milyon 81,8 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Dövlət Vergi Xidməti bildirir ki, karantin qaydalarına riayət edilməsi məqsədilə işçilərin fərdi qoruyucu vasitələrlə təmin olunması, müştərilər arasında sosial məsafənin saxlanılması, eləcə də tibbi maskadan istifadə etməyən alıcıların ticarət məntəqələrinə daxil olmaması zəruri şərtdir. Bu baxımdan ticarət məntəqələrində monitorinqlər davam etdiriləcək, müəyyən olunmuş qayda və tələblərin pozulması hallarına yol verən sahibkarlıq subyektlərinə qarşı ciddi tədbirlər görüləcək.