Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 8,91 dollar azalaraq 73,91 dollar olub.
Qeyd edək ki, mütəxəssislərin fikrincə, neftin ucuzlaşmasına səbəb strateji neft ehtiyatlarından koordinasiyalı satışın həyata keçirilməsi ilə bağlı ABŞ-ın çağırışı, həmçinin Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və İngiltərənin də bu çağırışa dəstək vermələridir. Həmçinin mütəxəssislər qeyd edirlər ki, neftin ucuzlaşmasında COVID-19-un yeni variantına görə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin də rolu var. Belə ki, məhdudiyyətlər nəticəsində insanlar daha az səyahət edəcək və nəticədə enerji istehlakı azalacaq.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.