Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi Qrupunun iclası olub

2021.11.26 16:44 (UTC+04:00)

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi Qrupunun “Webex” onlayn platforması vasitəsilə növbəti iclası keçirilib.

Mərkəzi Bankdan bildirilib ki, qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda emissiya prosedurlarının sadələşdirilməsi ilə bağlı infrastruktur və normativ çərçivəyə baxılması, səhmləri kütləvi təklif üsulu ilə buraxılan emitentlərə vergi güzəştlərinin tanınması imkanlarına baxılması, sığorta bazarının sağlamlaşdırılması və dayanıqlılığının artırılması üçün tənzimləyici çərçivənin təkmilləşdirilməsi, investisiyanın səmərəliliyi ilə bağlı maliyyə savadlılığının yüksəldilməsi və sığorta ilə bağlı məlumatlılığın artırılmasına dair birgə müzakirələr aparılıb.

Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda iclas ərzində vurğulanan məsələlərə dair məqbul hesab edilən təkliflərin ümumiləşdirilərək İşçi Qrupu vasitəsilə dövlət-biznes dialoqu çərçivəsində Komissiyanın katibliyinə təqdim edilməsi qərara alınıb.

İclasa Mərkəzi Bankın, Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, “AZSIĞORTA” ASC-nin, “Atəşgah Həyat” Sığorta ASC-nin, “PAŞA Sığorta” ASC-nin, “PAŞA Həyat Sığorta” ASC-nin nümayəndələri qatılıb.