Azərbaycan Bişkekdə beynəlxalq İKT forumunda iştirak edib

2021.11.26 14:36 (UTC+04:00)

Qırğızıstanın paytaxtı Bişkek şəhərində “StrategEast” Dövlət və İnformasiya Texnologiyaları Avrasiya Forumu keçirilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, tədbirdə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktor vəzifəsini icra edən Tamerlan Tağıyev və Mərkəzin rəqəmsal iqtisadiyyat şöbəsinin mütəxəssisi Gülminə Məlikzadə iştirak edib.

Forumun açılışında Qırğızıstanın Baş naziri Akylpek Japarov, “StrategEast” təşkilatının prezidenti Anatoli Motkin, Qırğızıstanın rəqəmsal inkişaf naziri Dastan Dogoev, ABŞ-ın Bişkekdəki səfiri Sonata Coulter, Avropa İnkişaf və Yenidənqurma Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional rəhbəri Aytən Rüstəmova, EPAM Sistemləri şirkətinin prezidenti Arkadi Dobkin çıxış ediblər. AYİB-in sabiq prezidenti Suma Chakrabarti tədbirə onlayn qoşulub. Forum çərçivəsində “Mərkəzi Asiya Avrasiyanın rəqəmsal qovşağı kimi”, “Avrasiyada qlobal IT sənayesi”, “Yeni iqtisadiyyat üçün yeni vergiler”, “Ağıllı finteks həlləri”, “Startapların sürətləndirilməsi: Silikon Vadisinə marşrut” və sair mövzularda panel sessiyalar keçirilib, müzakirələr aparılıb.

Qeyd edək ki, baş ofisi ABŞ-da yerləşən “StrategEast” təşkilatı Avrasiya ölkələrində biliyə əsaslanan iqtisadiyyatın inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Qurumun təşkilatçılığı ilə Avrasiya ölkələrində keçirilən “StrategEast” Dövlət və İnformasiya Texnologiyaları Avrasiya Forumu hökumətlər və IT sənayesinin liderləri arasında dialoq platforması rolunu oynayan illik tədbirdir.