“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatıb

2021.11.26 12:54 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 25-ə çatıb.

“Startap” şəhadətnaməsi "Buta Vending" MMC-nin avtomatlaşdırılmış ticarət köşklərinin istehsalı və satışı, "Cusperco" MMC-nin xidmət təhcizatçıları üçün www.azdo.az platforması, "Payriff" MMC-nin onlayn ticarət üçün “www.payriff.com” ödəniş aqreqatoru, fərdi sahibkar Əliağa Ağayevin səhiyyə müəssisələri üçün proqram təminatı, "Oxuyan" MMC-nin onlayn imtahanların təşkili üzrə www.oxuyan.az platforması və fərdi sahibkar Fərid Fərmanovun biznes subyektlərində elektron idarəetmənin təşkili üçün bulud tipli proqram təminatı “www.bein.az” layihəsi üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi