“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) uzunmüddətli xarici və yerli valyutada reytinqi ölkə reytinqinə bərabər “BB+/stabil” səviyyəsində təsdiq edib.
Fonddan bildirilib ki, reytinqin “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması əsas etibarilə İKZF-nin dövlətə məxsus olması, yaradıldığı gündən etibarən fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsi və davamlı dəstəklənməsi, İpoteka və Kredit Zəmanət Fondunun ölkənin sosial-iqtisadi siyasətində strateji əhəmiyyətə malik olması ilə əlaqədardır. Agentlik Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, onun yüksək maliyyə dayanıqlılığını, aktivlərin keyfiyyətini, məqbul likvidlik mövqeyini xüsusi qeyd edib. “Fitch Ratings” hesab edir ki, ortamüddətli dövrdə də Fond maliyyə dayanıqlılığını, portfelin yüksək keyfiyyətini və likvidliyini qoruyub saxlayacaq.