Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, vergi orqanlarında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında alınan xidmətlərə (işlərə) görə ödənilən məbləğdən ƏDV-nin tutulması vəzifəsi banklar tərəfindən icra olunur. İnformasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir. Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla elektron ticarət qaydasında apardıqları aşağıdakı əməliyyatlar üzrə ödəmələrindən banklar tərəfindən ƏDV tutulmur:
• xaricdən malların alınmasına görə ödəniş;
• xaricdə otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərə görə ödəniş;
• fiziki olaraq xaricdə alınan (istehlak edilən) iş və xidmətə görə ödəniş.
Əsaslandırma: Vergi Məcəlləsinin 169.1-ci maddəsi, "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsi