Korporativ Qeydiyyatçılar Forumunun (CRF) üzvlərinin video-konfrans formatında təşkil olunmuş illik hesabat görüşü keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və baş idarənin əməkdaşları iştirak ediblər.
Görüşdə CRF və təşkilatın İcraiyyə Komitəsinin 2021-ci ildəki fəaliyyəti və üzvlərin bu istiqamətdə göstərdikləri dəstək, CRF-nin 2020-ci ildə keçirilmiş illik hesabat görüşünün protokolunun təsdiq edilməsi, təşkilatın 2020-ci il üzrə auditor və maliyyə hesabatları, 2022-ci il üçün nəzərdə tutulan tədbirlər, CRF prezidentliyinə və İcraiyyə Komitəsinə keçirilmiş seçkilərdə qalib olmuş administrasiya nümayəndələrinin üzvlərə təqdim edilməsi, həmçinin CRF-nin növbəti ildə üzvlük haqqının aşağı salınması məsələləri ilə bağlı hesabatlar dinlənilib və mövzular ətrafında geniş müzakirələr aparılıb.
Tədbirdə Azərbaycanla yanaşı, Sinqapur, Sloveniya, Cənubi Afrika Respublikası, Birləşmiş Krallıq, Fici və Şimali Makedoniya Respublikasının CRF tərəfindən 2020-ci ilin may ayında iki nominasiya - CRF İnnovasiya Mükafatı (Mükəmməllik - Excellence) və CRF İnnovasiya Mükafatı (Təqdir - Commendation) üzrə elan olunmuş müsabiqədə qalib olmaları faktı diqqətə çatdırılıb və 2022-ci ildə yeni müsabiqənin keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.
Korporativ Qeydiyyatçılar Forumu kommersiya qeydiyyatçılarının xidmətlərinin yaxşılaşdırılması və qeydiyyat sahəsində müxtəlif ölkələrin aidiyyəti orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə 2003-cü ildə Yeni Zelandiyanın Okland şəhərində təsis edilib. Hazırda təşkilat qeydiyyat sahəsində geniş təcrübəyə malik olan Sinqapur, Yeni Zelandiya, Avstraliya və Kanada kimi ölkələr də daxil olmaqla üzv ölkələrin bu sahə ilə məşğul olan 60 qurumunu birləşdirir. Forumun əsas məqsədi nümayəndələrin beynəlxalq korporativ biznes qeydiyyatı sahəsində son yeniliklərlə tanış edilməsi və korporativ biznes qeydiyyatı sistemlərinin hazırkı və gələcək əməliyyatlarına dair təcrübə və məlumat mübadiləsinin aparılmasıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2012-ci ildə CRF-nin tamhüquqlu üzvlüyünə qəbul edilib.