Qeyri-neft-qaz məhsullarının ixracı artıb

2021.11.25 13:37 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 41,1 faiz, real ifadədə 28,7 faiz artaraq 1 milyard 809,1 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (25,2 faiz), İsveçrəyə (9,6 faiz), Gürcüstana (6,7 faiz), ABŞ-a (3 faiz), Ukraynaya (2 faiz), Braziliyaya (1,7 faiz), Çinə (1,5 faiz), Belçikaya (1,5 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,2 faiz), Birləşmiş Krallığa (1,1 faiz), Niderlanda (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.