“Dubay Ekspo 2020”də Türkiyə pavilyonunun açılışında iştirak edən qardaş ölkənin ticarət naziri Mehmət Muşun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan pavilyonunu ziyarət edib.
Azərbaycan pavilyonunun qarşısında Türkiyənin nümayəndə heyətini ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov qarşılayıb. Türkiyəli nazirə Azərbaycan pavilyonunun konsepsiyası haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” mövzusu ilə çıxış edir və pavilyonumuz sərginin davamlılıq hissəsində yerləşir. "Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır" konsepsiyasını özündə əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Həmçinin burada Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir. Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür.
Nazir Mehmət Muş bildirib ki, sərgidə “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin müxtəlif sahələrdə böyük potensialı, ölkələrimizin uğurları əks olunub. O, Azərbaycan pavilyonunda ziyarətçi axını ilə bağlı məmnunluğunu ifadə edib və pavilyonun təşkilatçılarını təbrik edib.
Nazir Mehmət Muş Azərbaycan pavilyonundakı Xatirə kitabına ürək sözlərini yazıb.